• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Bölgə

Yardımlının əkin-pay torpaqlarında evlər hansı icazə ilə tikilir? - FOTO

Mətn ölçüsü:
  • 100%


Yardımlı rayonunun girişində hektarlarla əkin - pay torpaqlarında məhsul əvəzinə daş əkilir. Kənd təsərrüfatı təyinatlı torpaqda əməlli-başlı yaşayış məhəllələri, küçələr salınır ki, bu özbaşınalığa nə yerli icra hakimiyyəti, nə də aidiyyatı qurumlar dur demir. Əksinə, korrupsiya maraqlarında birləşən məmurlar Nazirlər Kabinetinin səlahiyyət hədlərini sanki özləri mənimsəyərək, qanunsuz ev tikintilərinə şərait yaradırlar.
Demokratik.Az-ın məlumatına görə, hər gün artmağa davam edən tikililərin reallaşdırılmasında daha çox canfəşanlığı Əmlak Məsələləri Dövlət Komitəsinin Yardımlı rayonu üzrə torpaq müfəttişi rolunda çıxış edən Fərzəli Salmanov edir. Belə ki, yerli məmurların səhlənkarlığına rəvac verən müfəttiş qanunsuz tikililərin monitorinqini edib kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli tikililərin qarşısını almaq əvəzinə, hərəkətsizlik nümayiş etdirir.

Sakinlərin Demokratik.Az-a bildirdiyinə görə, çox az halda qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, çox az sayda vətəndaşa cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına məhz məsul şəxs tərəfindən münbit şərait yaradılıb.
O da bildirilir ki, Yardımlıda gözə çarpan, yeni qəsəbələrə dönüşdürülən ərazilərin varlığı rayonun icra başçısı Ayaz Əsgərov üçün də gəlir mənbəyidir. Əkin təyinatlı torpaqların təyinatına zidd olaraq tikintilər altına salınması prosesi məntiqlə də icra başçısının iradəsindən kənarda baş verən özbaşınalıq deyil. Maraqlısı həm də odur ki, icra başçısının hər gün işə gedib-qayıtdığı "iqamətgah" da sözügedən ərazinin göbəyində yerləşir və başçının yaşadığı evin də qanunsuz tikili olduğu iddia edilir. Tikinti həyata keçirən şəxslərə bildirilir ki, - "siz tikin, biz tezliklə ərazinin KT təyinatının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə məktub yazacağıq".

Xatırladaq ki, torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması ilə bağlı cəzalar, cərimələr sərtləşdirilib. Hələlik, Yardımlı rayonunda nəzərə alınmasa da, "İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər ilə əlaqədar cərimələr təyin edilib".

Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnanaq ki, dövlət orqanları Yardımlıdakı qanunsuz tikililərə diqqət ayıracaq!

Bugün Yardımlıda olub tikinti özbaşınalığı ilə əlaqədar araşdırma aparan əməkdaşımız Əkbər Sadıyevin ərazidən çəkdiyi videomaterialın qısa fraqmentini və ərazidən videoreportajı isə yaxın günlərdə təqdim edəcəyik.

Demokratik.Az