• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Cəmiyyət

“Ürək çatışmazlığım varsa, necə MAXE olmuşam?” - NARAZILIQ VAR!

Mətn ölçüsü:
  • 100%

Ucar rayonun Bərgüşad kəndində yaşayan qazi Samir Abbaslı ona əlillik verilməməsindən şikayət edir.

Gundem.media xəbər verir ki, o, Cebhe.info-nun redaksiyasına müraciət edərək anadangəlmə ürək çatışmazlığı diaqnozu ilə xidmətdən kənarlaşdırıldığını deyib:

“2012-ci ildə Xüsusi Təyinatlı Dəstələrdə qulluq etmişəm. 2020-ci ildə Müddətdən Artıq Xidmət Edən (MAXE) kimi Silahlı Qüvvələrin tərkibinə daxil olmuşam. Bundan 3 ay sonra isə Vətən müharibəsi başladı. İkinci Qarabağ müharibəsindəki döyüşlərdə iki dəfə çoxsaylı qəlpə yarası aldım. Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabr ayın 1-i və 21-də yaralandım.

Ucar rayon xəstəxanasında müalicə aldıqdan sonra xidmətimə davam etmək üçün qayıtdım. Amma bir müddət sonra bizi “Papanin”ə (hərbi hospital nəzərdə tutulur-red.) apararaq, tibbi yoxlanışdan keçirdilər. Orada məndə anadangəlmə ürək çatışmazlığı olduğunu dedilər. Buna görə də məni xidmətdən uzaqlaşdırdılar. Əgər məndə anadangəlmə qüsur olsadı, Xüsusi Təyinatlı Dəstədə qulluq edə bilməzdim. Əgər qüsurum olubsa, necə əsgərliyə getmişəm, yoxdursa, niyə xidmətdən çıxarılıram? Üstəlik, mənə əlillik də vermirlər”.

Şikayətçi bildirib ki, indiyə qədər nə qədər müraciət etsə də, əlillik dərəcəsi ala bilməyib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdim, amma oradan da məni Əlillərin Bərpa Mərkəzinə yönləndirirlər. Əlillərin Bərpa Mərkəzinə də gedirəm, amma mənə deyirlər ki, get, kimə şikayət edirsənsə, et, bizlik deyil.

Prezident İlham Əliyevə və Mehriban Əliyevaya məktub yazacağam ki, şikayətimə baxmırlar”.

Samir Abbaslı qeyd edib ki, ailəlidir və 2 övladı var. Qazi işləmədiyi üçün ailəsinə baxa bilmədiyini və hazırda çox pis vəziyyətdə olduğunu söyləyib.