• EUR

    1.9195

  • USD

    1.7000

  • RUB

    0.0231

  • TRY

    0.1241

  • NEFT

    $65.51

12.03°C
Bakı

Gündəm

"İcra hakimiyyətinə deyirəm ki, azyaşlı uşaqlarımla çölə atılıram, amma..." - GİLEY

Mətn ölçüsü:
  • 100%

"İcra hakimiyyətinə deyirəm ki, azyaşlı uşaqlarımla çölə atılıram, amma..." - GİLEY

“Yataqxanadan çıxarırlar, iki azyaşlı uşaqla getməyə yerim yoxdur, üstəlik, işsizəm. Müharibədən qayıdandan sonra əvvəlki işlə məşğul olmağa səhhətim imkan vermir. Çarəsiz qalmışam”.

Saatlı sakini Ayaz Əzizovun 31 yaşı var. İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. 2013-cü ildən rayonun Mirağa Ağayev küçəsində yerləşən yataqxanada yaşayır. Deməsinə görə, onun və ailə üzvlərinin yataqxanada sığındıqları mənzili tərk etmələri üçün martın 10-dək möhlət verilib. Ayaz Əzizov danışır:

“2013-cü ildə ailəmlə getməyə yerim olmayanda bizi bura əvvəlki icra başçısı yerləşdirmişdi. 2015-ci ildə Famil adlı şəxs bizim buradan çıxarılmağımız iddiasıyla məhkəməyə müraciət etdi. Guya bu mənzilin mülkiyyətçisidir. Məhkəmə də iddianı təmin etdi. Halbuki, sənədi saxtadır, bu yataqxanada 10 ailə yaşayır, heç kimin mülkiyyətçi sənədi yoxdur. Çünki bu yataqxanadakı mənzillərə “Çıxarış” verilmir. Mən onun o sənədi hansı yolla aldığını da yaxşı bilirəm. Ancaq təəssüf ki, indiki vaxtda kimin pulu, imkanı varsa, qanun da onun tərəfindədir. O sənədin saxtalığını sübut etmək üçün gərək mənim də məhkəmələrə tökməyə pulum olsun. Pulum olsa, elə bir otaq tikib ailəmi içərisinə yığaram, daha məhkəmələrə, hakimlərə niyə xərcləyim ki?..”

“Müharibədən qayıdandan işsiz qalmışam”

Ayaz Əzizov müharibədən qayıdandan sonra özünə iş tapa bilmir:

“Müharibədən əvvəl maşınyuma yerində işləyirdim. Müharibəyə getdim, böyrəklərim, ciyərlərim sıradan çıxdı. Qayıdandan sonra əvvəlki iş yerimdə çalışmağa səhhətim yol vermədi. İcra hakimiyyətinə gedirəm, deyirəm, qaldığım yerdən də azyaşlı uşaqlarımla çölə atılıram, ya kömək edin, bir otaq tikim, balalarımı yığım ora, ya da mənə uyğun bir verin, işləyim, özüm material alım, o otağı tikim. Mən iki uşaqla küçədə qalmalı deyiləm axı…”

Ayaz Əzizovun sözlərinə görə, həyat yoldaşı xadimə işləyir, aylıq məvacibi az olduğuna görə, dolanışıqlarına çatmır. Üstəlik, banka kredit ödəyir:

“Kiçik bir torpağımız var, istədik orada balaca bir otaq tikib köçək, ancaq yoldaşımın bankdan götürdüyü kiçik məbləğ heç daşa da çatmadı, gətirib daşı tökdük əraziyə, elə də qaldı. İndi bilmirik yoldaşımın maaşıyla kredit ödəyək, yoxsa ailəni saxlayaq”.

“Deyirlər, sənə kömək etmək kimi vəzifəmiz yoxdur”

Ayaz Əzizov yanvarın 21-də növbəti dəfə icra hakimiyyətinə gedib, icra başçısının qəbulunda olub, ancaq ona bildirilib ki, bu problemlərin icra hakimiyyətinə aidiyyəti yoxdur:

“Deyirlər, bizim sənə kömək etmək imkanımız yoxdur, bunu etmək kimi vəzifəmiz də yoxdur. Get, müharibədən əvvəl harda işləyirdinsə, yenə orada işlə… Başa düşmürlər ki, sağlamlığım daha o işlərə imkan vermir. Mən Füzuli, Cəbrayıl uğrunda döyüşüb yarımcan qayıdan adamam. Hələ müharibədə olanda rayondakı vəzifəlilərə zəng vurdum, dedim, uşaqlarım evdə soyuqdan donur, müharibədən qayıdandan sonra öyrəndim ki, gətirib ailəmə bir dəfə 20, bir dəfə isə 10 manat pul verib gediblər. Bu da bunların döyüşçüyə verdikləri dəyər…”

2015-ci ildə rayon sakini Famil Həsənov Saatlı Rayon Məhkəməsində Əzizovlara qarşı iddia qaldırıb. O, Əzizovların yaşadıqları mənzilin mülkiyyətçisi olduğunu iddia edərək məhkəmədən onların mənzildən çıxarılmasını tələb edib. Famil Həsənov məhkəmə izahatında göstərib ki, 2013-cü ildə Əzizovların qalmağa yeri olmadığına görə yataqxanadakı evini onlara müvəqqəti yaşamağa verib, ancaq sonra Əzizovlar evdən çıxmaqdan imtina ediblər. Məhkəmə iddianı təmin edib. Ötən ilin oktyabr ayında isə Əzizovlar Saatlı Rayon Məhkəməsinə müraciət edərək hazırda yaşadıqları mənzildə onlara Famil Həsənovla birlikdə yaşamaq hüququ verilməsini istəyiblər. Məhkəmə iddianı təmin etməyib.

Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Ayaz Əzizov dəfələrlə quruma müraciət edərək işlə təmin olunmasını xahiş edib. Hər dəfə ona bildirilib ki, vətəndaş iş axtarmaq üçün aidiyyəti üzrə Məşğulluq İdarəsinin nəzdində fəaliyyət göstərən “DOST” İş Mərkəzinə müraciət etməlidir:

“İcra hakimiyyəti vətəndaşları işlə təmin edən qurum deyil”.

Günlər ötdükcə ailə başçısının narahatçılığı da artır. O, martın 10-da yaşadıqları mənzildən çıxarılarlarsa, azyaşlı uşaqlarının sonrakı taleyinin necə olacağını düşünür.

Meydan TV